Mövsümün ilk “Böyük Dəbilqə”  seriyalı yarışı “Australian Open” möhtəşəm final oyunu ilə yekunlaşıb.

5 saat 24 dəqiqə davam edən həlledici qarşılaşmada rusiyalı Daniil Medvedev ispaniyalı Rafael Nadalla üz-üzə gəlib. Görüşə Nadal yaxşı başlasa da, sonradan səhvlərə yol verməsi ilk setin rusiyalı raketka ustasının xeyrinə bitməsi ilə nəticələnib - 6:2. 2-ci hissəyə Nadal daha yaxşı başlayıb. Setin gedişində 4:1 hesabı ilə öndə olan ispaniyalı tennisçi ardıcıl 2 servisdə uduzub. Yekunda hissənin taleyi taybrekdə müəyyənləşib. Burda da səhvlərini təkrar edən Nadal məğlubiyyətdən qaça bilməyib. Amma ilk 2 setdə uduzmasına baxmayaraq, ispaniyalı raketka ustası əzmkar qələbə qazanıb. 3-cü hissədə 6:4 hesabı ilə qalib gələn Nadal azarkeşlərini ümidləndirib. 4-cü set də eyni hesabla yekunlaşıb və bu dəfə də ispaniyalı tennisçi sevinən tərəf olub. Beləliklə ümumi hesab bərabərləşib 2:2. Həlledici – 5-ci setdə də Nadal təşəbbüsü əldən verməyib. Bu dəfə 7:5 hesabı qeydə alınıb. Beləliklə, əzmkar qələbə qazanan ispaniyalı tennisçi karyerasında 2-ci dəfə Avstraliyada fəxri mükafata sahib çıxıb. İlk dəfə 13 il əvvəl bu yarışda qalib olan Nadal böyük dəbilqə seriyalı yarışlarda ümumilikdə 21-ci mükafatını qazanıb. Bununla da o, bu göstəricidə serbiyalı Novak Cokoviç və isveçrəli Rodjer Federeri geridə qoyaraq yeni rekord müəyyənləşdirib.